
“Güclü rəqibə qarşı oynayırdıq”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə Bakı Olimpiya Stadionunda keçirilən oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis yığmamızın 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra Premyer Liqanın bombardirlərindən Mahir Emrelinin ehtiyatda oturmasına və Namiq Ələsgərovun iştirak ərizəsinə salınmamasına aydınlıq gətirib: “Azərbaycanda bombardir olmaqla beynəlxalq səviyyədə oynamaq fərqlidir. İkinci hissədə yeni hücumçular meydana buraxdım. Təəssüf ki, Emrelinin zədələnməsi planlarımızı pozdu”.
- Bu nəticədən sonra əhvalınız necədir?
- Özümü yaxşı hiss edirəm. Nəticəyə görə bir az narahatam. Başqa nəticəyə layiq idik. Rəqibin hücumçusu Mitroviç 3 oyunda 5 qol vurub. Bu gün iki zərbə vurdu, hər ikisi qolla nəticələndi. Bizim isə 4 qol epizodumuz oldu, ancaq yararlana bilmədik. Fərq də buradadır. Futbolçularıma oyundan sonra təşəkkür etdim. Çünki çox güclü komanda ilə oynayırdıq. Bəzən səhvlər bizə baha başa gəlir, bugünkü kimi. Amma irəliləməkdə, inkişaf etməkdə davam edəcəyik.
- Reallıq budur ki, seçmə mərhələnin ilk iki oyununda xal qazana bilmədik. Yaxın gələcək üçün azarkeşlərə ümidverici nəsə deyə bilərsiniz?
- Kim oyunlarımıza baxsa, görər ki, pozitiv hallar çoxdur. Güclü rəqiblərlə oynadıq. Bu gün son 10 dəqiqədə uduzduq.
- Sizdən əvvəlki baş məşqçi Emin Mahmudovu dəvət etmirdi və bildirirdi ki, sisteminə uyğun deyil. Sizin Namiq Ələsgərovla bağlı narazılığınız nədir?
- Bütün oyunçuların klubdakı çıxışına da, məşqlərinə də baxıram. Deyə bilmərəm ki, Namiqi kənara atmışam. Onunla bağlı böyük ümidlərim var. Sadəcə, bu gün fiziki cəhətdən güclü rəqiblə oynayırdıq. Bu görüş ona görə deyildi. Ümid edirəm ki, gələcək matçlarda bizə köməyi dəyəcək.
- Anatoli Nuriyevin meydandan çıxarkən sizə nə deyirdi?
- Özü əvəzlənmək istədi. Hətta dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Nuriyev komanda oyunçusudur.