556

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu Çinin “Çjetsyan Qrintaun” klubu ilə müqaviləni ləğv edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Cənubi afrikalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bildirib. O, Covid-19 pandemiyasına görə Çinə qayıda bilmədiyinə görə belə addım atdıqlarını söyləyib. 31 yaşlı oyunçunun müqaviləsi bu ilin iyununda başa çatmalı idi.
Ndlovu bildirib ki, hazırda azad agent statusu daşıyır: “Mən daha Çinə qayıtmayacağam. Hazırda sərbəstəm və agentimdən gələcəkdə mənim razılığımla nə kimi addım atacağımız barədə xəbər gözləyirəm”.
Qeyd edək ki, bir müddət əvvəl Ndlovunun “Qarabağ”a qayıda biləcəyinə dair xəbərlər yayılsa da, baş məşqçi Qurban Qurbanov hazırda bu məsələnin gündəlikdə olmadığını bildirib: "Dinonu çox istəyirik. "Qarabağ"ın bir parçası olub, böyük uğurlarda onun payı var. Hazırda Dino ilə bağlı belə bir məsələ yoxdur. Yanvar ayında sadəcə epizodik danışıq olmuşdu, təklif olunmuşdu. Amma klubu ilə müqaviləsi var. Yəni aramızda ciddi bir danışıq olmayıb".
Ndlovu özü isə Azərbaycan mətbuatına “Qarabağ”da oynamaq istədiyini gizlətməyib: “Mən artıq bildirmişəm ki, “Qarabağ”ı sevirəm, mənim üçün yad komanda deyil. Yayda təklif olsa, “Qarabağ”a qayıdarammı? Əgər onlar məni qaytarmaq istəyirlərsə, məni harada tapacaqlarını bilirlər”.
Qeyd edək ki, Dino 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.
Müqavilənin ləğv olunmasından sonra tərəflərin yenidən danışıqlara başlayacağı istisna edilmir.
Qol.az