
Fransa millisinin baş məşqçisi Didier Deşam “Roma”nın çalışdırıcısı Joze Mourinyonun yığma haqqında dediyi fikirlərə münasibət bildirib.
"CEMPİON.AZ" “Telefoot”a istinadən xəbər verir ki, daha əvvəl Mourinyo Fransa millisini Avro-2020-nin favoriti kimi göstərərək söyləmişdi: “Fransa son dünya çempionudur və yarışın favoritidir. Onlar çempion olmaq məcburiyyətindədirlər. Əks-halda bu, onların uğursuzluğu sayılar”.
Deşam isə portuqaliyalı mütəxəssisin cavabını belə verib: “Mən də onun çalışdırdığı “Tottenhem” haqqında eyni şeyi düşünürdüm. Amma təəssüf ki, nəticələr belə olmadı. Bəli, dünya çempionu olmağımız bizi Avropa çempionatının favoriti kimi göstərir. Amma bu bizə təzyiq göstərilməsinə əsas vermir”.
Qeyd edək ki, Mourinyo ötən ay uğursuz fəaliyyətinə görə “Tottenhem”dən göndərilib. Bundan sonra o, “Roma”ya baş məşqçi təyin olunub.
Əlavə edək ki, Avro-2020 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.