cümə, 29 mart 2024

BİZİM FUTBOL

"İmarət" azarkeş qrupu: "Çünki Samir həddini aşıb"

13.09.2021 19:49 Oxundu 410


“Dünənki matçda azarkeşlərimizin “Samir, istefa” şüarları səsləndirməsi sırf rəqib azarkeşə göndərmə idi. Uduzan məşqçini istefaya səsləmək onların adəti olduğundan bu şüar bir atmacaydı. Yoxsa bizim üçün fərq etməz “Neftçi”nin baş məşqçisi kimdir. Kim olur olsun, yenə bizim üçün rəqib olacaq”.

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “İmarət” azarkeş qrupu Azərbaycan Premyer Liqasının III turunda keçirilən “Neftçi” – “Qarabağ” (1:2) oyunundan sonra birincilərin baş məşqçisi Samir Abasovun verdiyi açıqlamaya cavab olaraq yayıb.
“Qarabağ”ın çılğın fanat ordusu kimi tanınan “İmarət” bəyanatında “ağ-qaralar”ın çalışdırıcısını mətbuat konfransında səsləndirdiyi fikirlərə görə tənqid edib: “O ki qaldı Samir Abasova hörmətsizliyə, bu hadisə indiyə qədər baş verməmişdi, ancaq bu gündən sonra olacaq. Çünki Samir həddini aşıb, hələ utanmaz-utanmaz bunu mətbuat konfransında da dilə gətirib. Avropa ölkələrinin çempionatlarında belə, baş məşqçilər azarkeşə bu cür cavab vermir. Abasov deyib ki, çempionluğu əllərindən almışam. Hə, Samir, çempionluğu almısınız. Amma bizim əlimizdən yox. Bizim əlimizdən alsaydın, halalın olardı, bu gün də “təkərə” düşməzdin. Çempionluğu kimin əllərindən aldığın hamıya məlumdur. Bizimsə sənin əlindən heç nəyini almaq fikrimiz yoxdur”.
Qeyd edək ki, “Qarabağ” azarkeşlərinin Samir Abasovu istefaya səsləməsi ilə bağlı sualı çalışdırıcı mətbuat konfransında “Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Samir 7 il sonra gəldi, onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdır”, - kimi cavablandırıb.