cümə, 29 mart 2024

BİZİM FUTBOL

Regekampf: “Sadə səhvlərlə rəqibin işini asanlaşdırdıq”

01.10.2022 21:55 Oxundu 496


"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a səfərdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildirib.

"Bizim üçün bir az üzücü oldu. İlk hissədə çox yaxşı oyun sərgilədik, qol vurduq və hesabı artırmaq üçün 2-3 real şansımız da var idi. Oyunçular dərk etməlidirlər ki, futbol 90 dəqiqə oynanılır. İkinci yarıda sadə səhvlərlə rəqibin işini asanlaşdırdıq. "Qarabağ" daha çox qol vura bilərdi. Qapımızda gördüyümüz ilk qolda pressinqdən çıxdılar və hücuma keçib fərqləndilər. Yəni, çox asan qol alındı".

Regekampf Salomon Kverkveliyanın start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "O, Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi. Çempionatdakı fasilədə Mamadu Mboj üzərində çox yaxşı çalışdı. Həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim".

Mütəxəssis hücumdan müdafiəyə tez qayıtmadıqlarını sözlərinə əlavə edib: "Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu qol epizodları yarandı. Oyunçular və komandam haqqında danışmaq istəmirəm. Bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını etməyə cəhd göstərir. Bütün futbolçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik. İlk dəqiqələrdən futbol oynamağa, müdafiədə oturmamağa çalışdıq. Bəzi qol imkanlarını da qaçırdıq. Birinci hissədə rəqibin də epizodları oldu. Onların geniş heyəti və yaxşı oyunçuları var. Komandamın baxımlı futbol sərgiləməsini xoşlayıram. Məncə, bu qarşılaşmanı özümüzə dərs kimi götürməliyik. Dərk etməliyik ki, matç 90 dəqiqə davam edir".

Baş məşqçi qarşılaşmada qələbə üçün meydana çıxdıqlarını diqqətə çatdırıb: "Fanatlar da ilk dəqiqələrdən bunu gördü. Görüş bitəndən sonra oyunçularla birlikdə azarkeşlərə tərəf getdik, onları alqışladıq. Tərəfdarlar hər zaman arxamızdadır. Üzülmələri normaldır, mən də onlar qədər məyus oluram. “Qarabağ”la növbəti matçda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq. Rəqib bu gün qalib gəldi. Bu, yalnız bir matçdır. Görüşə yenidən baxmalı, nəyi pis etdiyimizi görməliyik. Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur. Sadəcə, hər oyunda qələbə üçün çalışıb, sonda titul qazanmaq istəyirik".