cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: “Neftçi”yə qarşı oynamaq mənə xoşdur"

01.10.2022 22:04 Oxundu 408


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bildirib.

"Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi. İlk hissədə oyunçular arasında bəzi anlaşılmazlıqlar var idi. Buna normal baxıram. Futbolçular uzun müddətdir birlikdə deyildilər. Hər iki komanda çoxlu qol epizodları yaratdı. İlk dəqiqələrdən meydanda açıq futbol getdi. Rəqibin hər üzvünün ustalıq səviyyəsi və stadiondakı atmosfer də yaxşı idi. Belə azarkeş önündə oynamaq xoş oldu. Rəqibə uğurlar arzulayıram. Hesaba baxmayaraq çox səhvlərimiz oldu. Qarşıdakı matçlarda daha diqqətli olacağıq. "Neftçi"nin öz oyun üslubu var. Hər detalı açıqlasam, düzgün çıxmaz. Bəzi elementlərə hazırlaşmışdıq, pis də alınmırdı. Ümumilikdə yaxşı texniki futbol göstərməyi bacarırlar. Futbolçu seçimləri də maraqlıdır. Özlərini meydanda çox rahat hiss edirlər. Bu, hər komanda üçün çox vacibdir. “Neftçi” elə kollektivdir ki, istənilən rəqibə 5-6 qol vura bilər. Diqqətsiz yanaşsan, hansısa epizodu nəzərdən qaçırsan, cəzalana bilərsən. İlk hissədə də belə oldu. Vaxt keçdikcə onları öz meydanlarında qarşılamağa başladıq. “Neftçi”yə qarşı oynamaq mənə xoşdur".

Qurbanov "Olimpiakos"la Avropa Liqasındakı matç barədə danışıb: "Azarkeşlərimiz həmişə bizə inanırlar və bütün görüşlərdə qələbə gözləyirlər. Onların bu istəyi bizi daha məsuliyyətli edir. Biz də çalışırıq ki, istənilən rəqib önündə yaxşı nəticə əldə edək. Mənim üçün bu qarşılaşmaya hazırlaşmaq çətin olacaq. Çünki "Olimpiakos"un yeni baş məşqçisinin hansı üslubda oyun seçəcəyini bilmirəm. Əməkdaşımız Yunanıstandadır, onların çempionat görüşünü izləyəcək. Qələbə qazanmaq şansımız varsa, bundan maksimum istifadə edəcəyik".

Mütəxəssis Marko Yankoviçin yüngül zədəsinin olduğunu deyib: "Monteneqro millisinin düşərgəsində zədə almışdı. Bu gün sanki yaxşı idi. İsinmə hərəkətlərindən sonra ağrı hiss etdi".

Baş məşqçi dekabradək sıx qrafiklə oynayacaqlarını bildirib: "Burada psixoloji yorğunluq, zədələr var. Vacib dönəmə başlayırıq. Əldə edəcəyimiz hər xal önəmlidir. İstənilən komanda ilboyu eyni formada ola bilməz. Düşünmədiyimiz rəqiblərlə matçlarda belə xal itirə bilərik. Komandanın performansını qorumağa çalışacağıq".