03.07.2026 18:13
159
159

İyulun 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçiriləcək "Sabahın Ulduzları" Bakı Kuboku yarışlarına həsr olunmuş məlumatlandırma sessiyası təşkil edilib.
Tədbirdə AFFA və BFF rəsmiləri, Bayıl Stadionunun meneceri, yarışda iştirak edəcək komandaların nümayəndələri, məşqçilər iştirak ediblər.
Sessiya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov "Sabahın Ulduzları" Bakı Kubokunun paytaxt futbolunun inkişafı, gənc futbolçuların yarış təcrübəsinin artırılması və perspektivli istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, yarışın yüksək səviyyədə təşkili üçün görülən hazırlıq işləri barədə məlumat verərək bütün komandalara uğurlar arzulayıb.
Daha sonra AFFA-nın Oyunların Təşkili Departamentinin nümayəndəsi, AFFA Könüllüləri proqramının rəhbəri və BFF-in Oyunların Təşkili Departamentinin rəhbəri Fərid Nağdəliyev yarışın əsasnaməsi, formatı, oyunların təşkili, iştirakçıların hüquq və vəzifələri, eləcə də təşkilati məsələlərlə bağlı ətraflı təqdimat edib.
AFFA Hakimlər Komitəsinin hakim-mütəxəssisi Orxan Məmmdov oyunlarda ədalətin ən yüksək səviyyədə təmin olunması üçün hakimlərin məsuliyyətini vurğulayıb və hakimliklə bağlı tətbiq olunan yeniliklər barədə məlumat verib.
AFFA-nın texniki direktorunun köməkçisi Ramiz Kərimov isə gənc futbolçuların inkişafında məşqçilərin rolundan, təlim prosesinin keyfiyyətinin artırılmasının vacibliyindən və yaş qruplarında futbolun inkişaf perspektivlərindən danışıb.
Bayıl stadionunun menecerinin köməkçisi Paşa Məmmədov yarışların keçirilməsi zamanı tətbiq olunacaq prosedurlar, AFFA-nın yarışlarla bağlı tələbləri və təşkilati məsələlər barədə məlumat verib.
Tədbirin sonunda məşqçilər və klub nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Yarışın əsasnaməsi, təşkilati məsələlər və oyunların keçirilməsi ilə bağlı ünvanlanan suallar AFFA və BFF rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.
Qeyd edək ki, "Sabahın Ulduzları" Bakı Kuboku U-14 və U-15 yaş qrupları üzrə təşkil olunacaq. Yarışların hər yaş qrupu üzrə 12 komandanın iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Turnirin əsas məqsədi yeniyetmə futbolçuların oyun təcrübəsinin artırılması, istedadlı oyunçuların üzə çıxarılması və paytaxtda uşaq-gənclər futbolunun inkişafına töhfə verməkdir.