çərşənbə axşamı, 30 aprel 2024

BİZİM FUTBOL

Xlıstov Bakı ilə fəxr edərdi

22.06.2016 10:45 Oxundu 1603

“Neftci”: I sıra: Yuri Stekolnikov, Səməd Qurbanov, Renat Kəmaləddinov, Bəxtiyar Qulamov, Aleksandr Trofimov,

Anatoli Banişevski, Rauf Adıgozəlov (komandanın rəisi);

II sıra: Valentiv Xlıstov (məşqci), Nadir Eynullayev, Tofiq Abbasov, Nikolay Smolnikov,

Fizuli Cavadov, Sergey Kramarenko, Aydın İsmayılov (inzibatcı), Aleksandr Mirzoyan;

III sıra: Boris Xetaqurov (həkim), Yuri Romenski, Rafiq Quliyev, Vyaceslav Lyoqki, Rauf Yumakulov, 1971

Bakının “Neftyanik” komandası SSRİ çempionatının güclülər dəstəsində ilk dəfə 1949-cu ildə çıxış etməyə başlamışdır. Komandanın heyətində respublikanın ən güclü futbolçuları toplanmışdı. Müdafiə xətti ən etibarlı oyunçulara tapşırılmışdı. Belə müdafiəçilərdən biri də hamının çox yaxşı tanıdığı Valentin Stepanoviç Xlıstov idi. Onun valideynləri Türkiyənin Qars şəhərində yaşayırdılar. 1903-cü ildə onlar Bakıya köçmüşdülər. Valentin də 1927-ci ildə Bakıda doğulmuşdu. Elə buna görə o, hər yerdə fəxrlə “Mən bakılıyam” deyərdi. Valentin futbol oynamağı çox sevərdi.

10 il “Neftyanik”də

Bu sevgi 1943-cü ildə onu “Ehtiyat Əmək Qüvvələri” idman cəmiyyətinə gətirmişdi. Üç il burada futbolun sirlərinə yiyələndikdən sonra onu respublikanın bir nömrəli komandasına dəvət etmişdilər. Düz on il o, “Neftyanik”in şərəfini qoruyub. Xlıstov 1949 və 1950-ci illərdə “Neftyanik”in heyətində SSRİ çempionatının güclülər dəstəsində çıxış etmişdir. İki mövsümdə o, 53 oyun keçirmişdi. Bir çox klublar Bakı futbolçusunu öz komandalarına dəvət etmişlər. Lakin o, doğma “Neftyanik”i heç bir komandaya dəyişməmişdi.

O, məşqçi olur

1955-ci ildə Bakıda Moskvanın “Torpedo” komandası ilə görüşdə ciddi zədələndiyi üçün çox sevdiyi futboldan ayrılmışdı. Lakin Valentin Stepanoviç futbolla vidalaşmamışdı. Dostları onu məşqçilik fəaliyyətinə başlamağı məsləhət görmüşlər. Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsi məşqçilik təhsili almaq üçün onu Moskvaya göndərmişdi. Təhsilini başa vurub Bakıya qayıdan Valentin Stepanoviç Xlıstov respublikanın müxtəlif komandalarında məşqçi işləmişdir.

1963-cü ildə o, sevimli “Neftyanik” komandasına ikinci məşqçi təyin olunmuşdu. 1966-cı ildə “Neftyanik”in ölkə çempionatının bürünc medal qazanmasında, sözsüz ki, Valentin Stepanoviçin əməy az olmamışdı. 1972-ci ildə “Neftçi “ SSRİ-nin güclülər dəstəsini tərk etdikdən sonra çoxu komandadan üz döndərsə də, Xlıstov bunu bacarmadı. Üç il birinci dəstədə “Neftçi”yə başçılıq etdi. 1976-cı ildə komandanı tam əsaslı vəziyyətdə Gennadi Bondarenkoya təhvil verdi. Elə həmin mövsümdə də “Neftçi” güclülər dəstəsinə qayıtdı. Burada da Stepanoviçin də əməyini qeyd etmək lazımdır.

Vaqif Sadıqov: “1977-ci ilin yanvarında ilk dəfə “Neftçi”nin bazasına gəldim. Doğrudur, əvvəllər burada çox olmuşdum. “Neftçi”nin oyunlarında, məşqlərində o qədər top daşımışam ki. O qədər futbolçulara həsədlə baxmışam ki. İndi isə onların arasında idim. Adama yuxu kimi gəlirdi. 17 yaşlı gəncin hələ böyüklərlə, daha təcrübəli futbolçularla bir yerdə oynaması çətin idi. “Neftçi”yə gəlişim ərəfəsində Naxçıvanın “Araz” komandası yaradılır. Baş məşqçi Valentin Xlıstov məni və daha bir neçə futbolçunu Naxçıvana dəvət edir. Valideynlərlə məsləhətləşdikdən sonra “Araz”a keçdim”.

Onun rəhbərliyi altında

1979/80-ci illər mövsümü başa çatandan sonra Bakının “Avtomobilçi” komandası Mingəçevirə köçürülüb. Bu ideyanın təşəbbüskarı İdman Komitəsinin sədri Gennadi Samedoviç Rzayev olub. O, Mingəçevirdən SSRİ Ali Sovetinə deputat seçildikdən sonra Mingəçevir İdman Komitəsinin sədri olan əməkdar məşqçi Baba Mustafayevlə məsləhətləşərək “Avtomobilçi”ni mingəçevirliləşdiriblər. Bu işdə komandanın kapitanı Nadir Qasımovun da əməyi az olmayıb. Nadir müəllim hələ 60-cı illərin sonlarında Mingəçevirdə futbol oynadığından, tərəddüdsüz ideyanı dəstəkləyib. Çünki orada futbol üçün hər bir şərait var idi. “Avtomobilçi”nin baş məşqçisi mərhum Valentin Stepanoviç Xlıstov idi. Onun rəhbərliyi altında 1980-ci ildən etibarən “Avtomobilçi” Mingəçeviri təmsil etməyə başlayır. Özü də SSRİ çempionatının 9-cu zonasında. Maraqlıdır ki, bu zonada bir bölgəni təmsil edən və 1980-ci ilə kimi 2-ci dəstənin 4-cü zonasında yarışan Gəncənin “Tərəqqi” (1982-ci ildən “Kəpəz” adlandırılmağa başlayıb) komandası da var idi”.

Valentin Stepanoviç Xlıstov tələbkar məşqçi, intizamlı rəhbər kimi tanınırdı. O, bilik və təcrübəsini gənc futbolçular nəslinə aşılamışdı.

Valentin Xlıstov “Azərbaycan Əməkdar bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülüb.

Valentin Stepanoviç 40 ilə yaxın Azərbaycan futboluna xidmət edib. O, Azərbaycan futbolu üçün çoxlu istedadlı oyunçular hazırlayıb.

Valentin Stepanoviç Xlıstov 2007-ci ilin mart ayında Moskvada vəfat edib. Moskvada yaşayan “Neftçi” futbol komandasının keçmiş oyunçuları onu layiqincə dəfn etmişlər.

Abas Əzimov, Əməkdar jurnalist