Bəhlulun qolu, AFFA-nın təbəssümü
15.10.2019 16:49
AVRO-2020-nin seçmə mərələsi finişə yaxınlaşır. Azərbaycan milli komandası üçün hər şey aydındındır. Komandamız son illərin ən pis nəticəsi ilə sonuncu yerdə qərarlaşıb, qalan iki oyunda qazanılacaq qələbə (?) belə bizi sonuncu pillədən ayıra bilməyəcək. Budapeştdə Macarıstanla keçirilən sonuncu oyunun sonuncu dəqiqəsində baş vermiş hadisə bizim futbol idarəçilərimiz üçün göydəndüşmə oldu. Bəhlul Mustafazadənin vurduğu, hakimin isə saymadığı qol bütün uğursuzluqları sanki unutdurdu. Guya hakim bu qolu saysaydı, AVRO-2020-nin finalına vəsiqə qazanacaqdıq. Yadınızdadırsa, bir il əvvəl AFFA rəhbərliyi məqsədin AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq olduğunu deyirdi. Doğrudur, elə o vaxt da futbolun, heç olmasa, "F"-sinə bələd olanlar bu vədin xülya olduğunu anlayırdı. Amma indi Bəhlulun sayılmayan qolu bu vədləri unutdurdu. Bu qol AFFA-nin üzünə təbəssüm qondurdu.Dövlətin ayırdığı yardımların müqabilində bizim futbolumuz sayılmayan bir qolun ağrısını bu qədər hiss eləməməli idi. Diqqət edin, 2004-cü ildən futbolumuzda başlayan canlanma inkişafa çevrilə bilmədi. Niyə? Çünki futbolun inkişafına məsul olan AFFA həmişə aldadıcı reklamların ardınca qaçmaq barədə düşünüb. İnkişaf bazası olmayan milli komandaya Torresin, Foqtsun gətirilməsi də ucüz reklamdan başqa bir şey deyildi. Torreslərə, Foqtslara, Prosineçkilərə xərclənən vəsaitin müqabilində bu gün bizim milli komandamız 1 xal toplayaraq sonuncu yerdə qərar tutubsa, inkişafdan danışmağa bizim dilimiz necə gəlir? Aydındır ki, AFFA rəhbərliyi millimizin çətin qrupa düşdüyünü əsas gətirərək yenə də vəziyyətdən çıxmağa çalışacaq. Amma siz deyin, bizim üçün Avropada asan qrup varmı? Haçansa olacaqmı? Axı, vaxtında Torreslərə, Foqtslara, Prosineçkilərə ayrılan pullar uşaq futboluna yönləndirilsəydi, indi bizdə Bəhlullar təsadüfdən təsadüfə yetişməzdi. Arxada qalan 10-15 ildə Azərbaycan futboluna ayrılan vəsait düzgün xərclənsəydi, biz bu gün qruplarda 3-cü və ya 4-cü komanda ola bilərdik.
Keçmiş SSRİ məkanında futbola, bəlkə də, ən çox vəsait Azəbaycanda ayrılır. Amma Azərbaycan Avropa qitəsində mübarizə aparan keçmiş 11 sovet respublikası arasında 8-10-cu yerləri bölüşdürür. Bu, utancverici bir mənzərədir. AVRO-2020-nin seçmə mərhələsində mübarizə aparan keçmiş SSRİ respublikalarının rəmzi yarış cədvəlinə diqqət edin. Budur gerçəklik, budur həqiqət.
N | Komandalar | O | Q | H | M | TF | X |
1 | Rusiya | 8 | 7 | 0 | 1 | 27-4 | 21 |
2 | Ukrayna | 7 | 6 | 1 | 0 | 15-2 | 19 |
3 | Ermənistan | 7 | 3 | 1 | 3 | 13-12 | 10 |
4 | Qazaxıstan | 8 | 2 | 1 | 5 | 9-13 | 7 |
5 | Gürcüstan | 6 | 1 | 2 | 3 | 4-8 | 5 |
6 | Belarus | 7 | 1 | 1 | 5 | 4-12 | 4 |
7 | Moldova | 8 | 1 | 0 | 7 | 2-22 | 3 |
8 | Azərbaycan | 6 | 0 | 1 | 5 | 5-14 | 1 |
9 | Litva | 7 | 0 | 1 | 6 | 5-19 | 1 |
10 | Estoniya | 7 | 0 | 1 | 6 | 2-21 | 1 |
11 | Latviya | 7 | 0 | 0 | 7 | 1-24 | 0 |
Rusiya və Ukrayna artıq final mərhələsinə vəsiqəni təmin edib. Bizim acından ölür dediyimiz Ermənistan 10 xalla hələ də finala iddiasını davam etdirir. Qazaxıstan və Gürcüstanda da vəziyyət pis deyil. Bizdə isə vəziyyət acınacaqlıdır. Son 2-3 ildə çempionatımızda sürətlə geriləmə müşahidə olunur.
Bəli, Bəhlulun qolu sayılsaydı, son dəqiqə olduğu üçün çox gümün ki, komandamız bir xal qazanacaqdı. Amma bu o demək deyil ki, bizim komandamız bu oyunda yaxşı oynadı. Macarıstanın ötən illərlə müqayisədə çox da güclü olmayan komandası bütün komponentlərdə bizi üstələyirdi. Futbolda sayılmayan qollar olur. Hər halda Bəhlulun sayılmayan qolu, Avropa Liqasında "Qarabağ"ın "İnter"ə vurduğu sayılmayan qol qədər əhəmiyyət daşımırdı. Bu prizmadan baxsaq, bu qola görə çox da heyfislənməyə dəyməz. Biz bu cür epizolara yapışıb qalmamalıyıq. Daha dərin analizlərlə futbolumuzun indiki səviyyəsinin gerçək səbəblərini üzə çıxarmalıyıq.
Gənc futbolçunun vurduğu qolun sayılmaması hamımızı məyus edib. Ona görə məyus edib ki, bu qol Bəhlulun karyerasında mühüm mərhələnin başlanğıcı ola bilərdi. Ona görə məyus oluruq ki, Bəhlul kimi futbolçuların yetişməsi üçün AFFA lazımı diqqət ayırsaydı indi meydançada 11 Bəhlul olardı. 11 Bəhlulu olan komandanın 1 qolunun sayılmaması nəticəyə, bəlkə də, təsir etməzdi.
Yadımdadır, 2009-c ildə Bəhlul Mustafazadə hər şənbə (və ya bazar) günü İmişlidən Bakıya "Sabahın ulduzları" çempionatında iştirak etməyə gələrdi. Onlar indi soyadını unutduğum Ələmdar müəllimin (ikinci məşqçiləri də var idi, onun adın da unutmuşam) rəhbərliyi altında uğurlu addımlar atır, perspektiv vəd edirdilər. Bəs hanı "Sabahın ulduzları" çempionatı, hanı Ələmdar müəllimlər, hanı Bəhlullar, Mahirlər? Bu suallara, görəsən, AFFA necə cavab verər?
Oxundu: 1410