cümə, 02 may 2025

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Hakimlik məktəbimiz budurmu?

01.03.2020 15:04

SSRİ dönəmində Azərbaycan hakimlik məktəbi nə qədər təzyiqlərə məruz qalsa da, daim qürur mənbəyimiz olub. Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlərimiz bütün əngəlləri aşaraq dünya miqyasında tanına biliblər.  
Təəssüf ki, Azərbaycan hakimlərinə təzyiqlər müstəqillik illərində də davam etmişdir. Tahir Süleymanov, Babək Quliyev, Anar Salmanov kimi hakimlərimiz Avropa arenalarında uğurlu karyera qurmaqda olduqları zamanlarda gözəgörünməz barmaqların göstərişi ilə fəaliyyətlərini dayandırmalı olmuşlar. 
Azərbaycan futbol hakimlərinin fəaliyyətləri qürur mənbəyimiz olmaqla yanaşı, daim mətbuatın kəskin tənqidlərinə də məruz qalıblar. Bəlkə də,  yeni nəsil futbol hakimlərinin yetişməsində bu cür sərt tənqidlər əhəmiyyətli rol oynayıb. Etiraf etmək lazımdır ki, futbol hakimləti bəzən subyektiv tənqidlərin məngənəsinə də düşüblər.
AFFA hakimlər komitəsinə Xaqani Məmmədovun rəhbərlik etdiyi dönəmdə tənqidlərin dozası daha yüksək olurdu. Bu tənqidlərin haqlısı da, haqsızı da var idi.  Məsələn, Məmmədovun dövründə məhdud sayda hakimlər var idi. Yüksək liqanın oyunlarını 6-7 hakim idarə edirdi. Bu səbəbdən səhvə yol verən hakimlərin cəzalandırılmasında rəhbərlik maraqlı deyildi. Hakimlərin ən ciddi səhvləri belə ört-basdır edilirdi. Amma etiraf etmək lazımdır ki, Məmmədovun məhdud sayda hakimləri indiki hakimlər qədər ciddi səhvlər etmirdilər.
Heç bir hakim səhvlərdən sığorta olunmayıb. Hakim bir anın içində qərar verdiyindən, təbii ki, səhvlər də olur. Amma bir oyunda bu cür səhvlərin sayı həddindən artıq olursa, bu artıq futbolun gözəlliyində də, komandaların uğurlarında da öz mənfi təsirini göstərir.
Hazırda AFFA hakimlər komitəsinə Frits Stuxlik  (Fritz Stuchlik) rəhbərlik edir. Onun gəlişindən sonra Xəqani Məmmədovun “növbətçi” hakimlərinin sırası xeyli genişləndi.  İndi hətta FİFA hakimlərimiz də təyinat almaya bilir. Güman etmək olardı ki, hakimlərin sayının artması rəqabəti də artıracaq, nəticədə səhvlərin sayı da aşağı enəcək.  Təəssüf ki, gözlənlənlərin əksinə olaraq , hakim sayının artması hətta oyunun nəticəsinə təsir edən səhvlərin də çoxalması ilə nəticələndi.
Bu niyə baş verdi? Əlbəttə ki, Hakimlər Komitəsinin yeni  rəhbəri  yeni nəsə etməli idi. Etdi də. Hakimlərin sayını ciddi artırdı. Amma bu artış Premyer Liqa səviyyəsinə cavab verməyən hakimlərin yüksək liqaya təyinat alması nəticəsində baş verdi.  Hakimlərin etdikləri səhvlərin aradan qaldırılması üçün ciddi tədbirlər görülmədi.  Cəzasızlıq dövrü başladı. Bu da Azərbaycan futbol məktəbinin səviyyəsinə xələl gətirdi.
Dünən keçirilən “Qarabağ”-“Sabah” oyunu bu baxımdan çox təəssüfləndirici oldu.  Baş hakim Elçin Məsiyev və  köməkçi hakimlər  Pərvin Talıbov və Qəzənfər Məmmədov bərbad idarəçilikləri ilə çempionluq uğrunda mübarizə aparan “Qarabağ”in çox qiymətli 2 xalını əlindən aldılar. Təkcə onu qeyd edim ki,  köməkçi hakimlər 4 dəfə “oyundan kənar” vəziyyəti qeyd edərkən aşkar yanlışlığa verdilər. Bu səhvlərdən 3-ü “Qarabağ”ın, biri isə “Sabah”ın əleyhinə oldu. Hər iki komandanın leyhinə və əleyhinə qərarların verilməsi hakimlərin qərəzli olmadıqlarını göstərir. Əgər hakim 4 dəfə eyni səhvi edirsə və qərəzli deyilsə, deməli, onun peşəkarlıq səviyyəsi aşağıdır və belə hakimləri çempionluq uğrunda mübarizə aparan komandaların oyununa təyin olunması düz deyil.  Bu oyunda təkcə köməkçi hakimlər deyil, Elçin Məsiyev də hələ Premyer Liqada oyun idarə etmək səviyyəsində olmadığını sübut etdi.  Onun 2 ciddi səhvi belə deməyə əsas verir.
Birinci epizod: Xayme Romero cərimə meydançasında tupu qəbul edir və zərbə endirmək istəyəndə müdafiəçi ona qarşı aşkar kobudluq edir. Bu vəziyyət o qədər aşkar idi ki, hətta birinci liqa hakimi də bu vəziyyətdə 11 metrlik nöqtəni göstərərdi. Lakin Məsiyev bu qayda pozuntusunu görə bilmədi. Doğrudur, Xayme topu qəbul edərkən “oyundan kənar” vəziyyətdə idi. Lakin köməkçi hakim bayrağını qaldırmamışdı. 
İkinci epizod: Top künc zərbəsi ilə oyuna daxil edilir. Aydındır ki, bu halda “oyundan kənar” vəziyyət ola bilməz.  Top qapı meydançasında  qapıçının zərbəsindən sonra Xaymeyə düşür və o da qol vurur.  Bu halda köməkçi hakim bayrağı qaldırsa da, hakim məsuliyyəti öz üzərinə götürüb qolu hesaba almalı idi. Çünki, top Xaymeyə rəqibdən getmişdi. Əgər baş hakim bunu görmürsə, artıq bu onun qeyri-peşəkarlığıdır.  İnanıram ki, Tofiq Bəhramov, Eldar Əzimzadə, elə bugünkü Əlyar Ağayev həmin vəziyyətdə Elçin Məsiyevlə eyni qərarı verməzdi.
Yeri gəlmişkən qeyd edim ki, dünənki oyunun hakim-inspektoru Fariz Yusifov idi.  Yadımdadır, bir dəfən“Şəfa” stadionunda keçirilən oyunda Fariz Yusifov baş hakim idi. Dünənki vəziyyətə uyğun bir epizodda  köməkçi hakim bayrağənı qaldırdı. Fariz Yusifov dərhal köməkçisinə yüksək səslə “top rəqibdən getdi” deyib oyunu davam etdirdi.  Görəsin, Fariz Yusifov  dünənki oyunda lazımı həssasiyyəti göstərməyən hakimə hansı qiyməti verib?
 Əsas vəzifəsi “oyundan kənar” vəziyyətləri qeydə almalı olan köməkçi hakim belə vəziyyətlərdə 4 dəfə aşkar səhv edirsə, ona necə hakim demək olar? Baş hakim bir oyunda iki dəfə oyunun nəticəsinə təsir edən səhv qərar verərsə, onu hansı əsasla yüksək liqa oyunlarına təyin etmık olar?
Bu ilki çempionatda  belə ciddi səhvlər buraxan hakim təkcə Elçin Məsiyev deyil. Ötən yazılarımın birində Səbuhi Bayramovun da idarəçiliyinin təəssüf doğurucu olduğu barədə yazmışdım. Azərbaycan futbol hakimliyi məktəbi budurmu?
Bu cür idarəçiliyə qarşı ölçü götürməyin vaxtı deyilmi?

Oxundu: 2411