bazar ertəsi, 06 may 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

“Sabah” – qorxaq oyunla hara qədər?

04.08.2023 15:15

Belə bir deyim var: Qaliblər mühakimə olunmurlar.

Dünən “Sabah” həm qələbə qazandı, həm də mərhələ adladı. Amma…

İkinci təsnifat mərhələsini cavab oyunları ərəfəsində Avrokuboklarda çıxış edən 4 komandamızdan ən yaxşı mövqeyə “Sabah” sahib idi. Komanda ilk oyunda rəqib meydançasında 2:0 hesabı ilə qələbə qazanaraq növbəti məthələyə çıxmaq yolunda ciddi üstünlük əldə etmişdi.

Cavab görüşündə rəqibin risk edəcəyi bəlli idi. Bu da “Sabah” üçün yaxşı imkanlar vəd edirdi. Lakin komandamızın ifasında arzuladığımız oyunu görə bilmədik. Hətta 34-cü dəqiqədə rəqibin azlıqda qalması da oyunun mənzərəsini dəyişmədi. “Sabah” oyunun ilk dəqiqələrindən üstünlük verdiyi qorxaq oyundan son dəqiqəyədək imtina etmədi. Elə bu qorxaq oyunun nəticəsində RFŞ azlıqda olmasına baxmayaraq hesabı açdı. Yaxşı ki, bəxt amili bu dəfə bizim tərəfdə oldu, çox vaxt səmərəsiz olan əks hücumlardan ikisi qolla nəticələndi.

Əlbəttə, kimsə etiraz eləyib deyə bilər ki, ilk oyunda ciddi üstünlük qazanmış komandanın müdafiədən oynayıb əks-hücumlarda rəqibi cəzalandırması düzgün taktikadır. Bu fikirdə olanlarla mübahisə etmirəm. Amma gəlin razılaşaq ki, dünən “Sabah”ın sərgilədiyi oyun əks-hücum taktikası deyildi, əsl qorxaq futbol idi. Azərbaycan çempionatında at oynadan futbolçular aşkar qol vəziyyətlərində belə dəqiq zərbə vura bilmirdilər. Rəqib futbolçular qarşısında bizim futbolçuların sanki dizləri əsirdi.

Bu həyəcanın nəticəsi idimi? İnanmıram. Həyəcan Riqadakı ilk oyunda ola bilərdi. 2:0-lıq üstünlüyü olan komandanın oyunçuları bu qədər həyəcanlı olmalı deyildilər. Ötürmələrdə, top qəbul etmədə futbolçular uşaq səhvlərinə yol verirdilər. Bu həyəcan deyildi, bu topu itirmək, qol buraxmaq, oyunu uduzmaq qorxusu idi.

Hələ bu, ikinci təsnifat mərhələsində qarşımıza çıxan rəqibdir. Biz bu rəqib qarşısında bu qədər aciz görünürüksə, bəs növbəti mərhələlərdə necə oynayacağıq?

Bu oyundan sonra “Sabah”ın baş məşqçisi Murad Musayevin mətbuata verdiyi açıqlamaya baxın: "Əla nəticə qazandıq. Güclü rəqibə qarşı yaxşı oynadıq, əsl kişilik göstərdik".

Əgər oyundan əvvəl Murad Musayev rəqibin gücünü bu qədər yüksək qiymətləndirsəydi, bunu başa düşər, rəqibə hörmət kimi qəbul edərdik. Oyundan sonra Latviya futbolunun nümayəndəsi haqda (Latviya çempionu haqda yox ha) bu qədər pafosla danışmaq öz komandasının göstərdiyi oyunun məzmunsuzluğunu ört-basdır etməkdən başqa bir şey deyil.

Musayev RFŞ-nin baş məşqçisi Viktor Morozun "Sabah" meydana hesabı qorumaq üçün çıxmışdı” iddiası ilə də razılaşmır və bununla da özü özünü təkzib edir: "Hədəfimiz hər zaman hücum futbolu oynamaqdır. Hesabı qorumağa çalışsaydıq, səhv olardı".

Bununla Musayev demək istəyir ki, dünən komandası hücum futbolu oynayıb. Biz gördüyümüzə inanaq,yoxsa Musayevin dediyinə? Məntiqlə rəqib azlıqda qalandan sonra hücum futbolu oynayan komandanın qarşısında əzilməli idi. Amma əksinə oldu, qol da vurdular, hələ 2-ci, 3-cü qolu da vura bilərdilər.  

Bu gün RFŞ bu qədər güclü kimi təqdim edilirsə, onda növbəti mərhələdə rəqibimiz olacaq “Partizan”ın gücü barədə Musayev nə deyəcək?

Musayev RFŞ-ni çox güclü komanda adlandırmaqla “Sabah”ın Riqada qazandığı qələbənin və ardınca mərhələ adlamasının üzərinə də kölgə salmış olur. Əslində isə Azərbaycan çempionatının gümüş mükafatçısı Latviya komandasını mübarizədən kənarlaşdıra bilməsəydi, sensasiya olardı. Yəni “Sabah”ın RFŞ-ni keçməsində qeyri-adi, gözlənilməz heç bir şey yoxdur.

“Sabah” rəqib meydançada məğlub etdiyi bir komanadanın qarşına öz evində daha inamlı çıxmalı idi. İnamlı çıxmalı idi ki, azarkeşləri bu qədər həyəcanlanmasın. Azarkeşlər isə yalnız son dəqiqələrdə vurulan ikinci qoldan sonra rahat nəfəs aldılar.

Mən bu yazımda qalibi mühakimə etdim. Ona görə mühakimə etdim ki, növbəti oyunlardan sonra onu mühakimə edənlərin sayı çoxalmasın.

Oxundu: 924